Dizayn karyeramın müəyyən periodlarında aktiv şəkildə frilanser olaraq çalışmışam. Xüsusilə də yeni başladığım dönəmlərdə xarici frilanser saytlarında günlərlə iş tapmaq üçün zaman keçirirdim. Daha sonra yeni yaranan saytlara da köç etdiyim olub. Köç deyirəm çünki frilanser həyatına daha uyğun ifadədir. Fərqli-fərqli platformalarda nə istədiklərin bilməyən müştərilər, fırıldağçılar, qiymət problemi yaradan və s. tərz insanlarla tez-tez üzləşilir.

Keçən illərdə frilanser platformalarından az sayda olsa da xidmətlər də almışam, lakin sizə bildirmək istədiyim son həftədə başıma gələn məsələdir. İstər yerli, istərsə də xarici saytlarla və ya şəxslərlə frilanser olaraq işləmək istəyənlərə faydalı ola bilər.

İlk öncə onu qeyd edim ki, frilanser olaraq xidmət verməyi düşünürsünüzsə məsləhət görərdim ki, hər hansısa bir layihədə kiçik də olsa özünüz də frilanser xidmətindən yararlanmağı təcrübə edin. İlk önə bu sizin frilanser aləmində empatiya hissinizi artıracaq və ya dəyişəcək. Əks halda müştəriləri anlamaqda çətinlik çəkə bilərsiniz.

Daha sonra vacib olan məsələ kommunikasiyadır. İş verən və ya görən tərəf olmağınızdan asılı olmayaraq ən dürüst halınızda olmağınız sizə xeyli zaman qazandıracaq. Bilmədiyiniz işə – "bilmirəm" deməyinizin daha xeyirli olduğuna şübhəniz olmasın. Əlavə olaraq isə ünsiyyəti yarıda kəsib, cavablamamaq sizə bir şey qazandırmayacaq.

💸Üçüncü məsələ isə qiymət məsələsidir. Müştərilərinizə "damara baxıb qan alaram" deyə baxmayın. Dəyəriniz nədirsə, ona uyğun adekvat bir qiymət deyin. Bu məsələ o qədər iyrəncdir ki, son 1 həftədə 20+ frilanserlə bir layihə üzərində danışmağa çalışmışam, hər birinə qeyd etdikləri qiymətin 2 mislini nəzərimdə tutmağıma baxmayaraq, əksəriyyəti bu layihə üçün olan büdcəmi soruşub və anlamadığımı düşünərək absurd şəkildə yüksək qiymətlər deməyə çalışıblar.

Çox güman ki, bu kimi platformalarda qiymətlərini ucuz yazaraq önə çıxaraq daha sonra isə fərqli qiymətlə insanları manipulyasiya etməyə çalışırlar.

Bəs sizin nə frilanserlərlə hansı xatirəniz var?