Bəzilərimiz bilgisizlik və ya yanlış bilgiləndirmə nəticəsi olaraq mövzuya obyektiv yanaşa bilmirik. Bir kəsim də var ki, çıxarları uğruna tərif və təhrif edirlər, o da qalsın sizin doğruları biləndən sonrakı seçiminizə.
- İstifadə etdiyimiz cihazların texniki göstəricilərindən tam istifadə edirikmi?
Misalı öz telefonumdan verəcəm. 4 ildir istifadə etdiyim Mi 9 telefonu, Snapdragon 855 prossessorlu, əsas kamerası 48MP, 16MP və 12MP-lik 3 kamera ilə təchiz olunub. 4K görüntü imkanı ilə saniyədə 30 və 60 kadrdan ibarət video çəkə bilir. Bu dəyərlərin mənim üçün hələ də yüksək olduğunu deyə bilərəm çünki mən hələki 4K video çəkmək məcburiyyətində olmamışam və ya 48MP ilə çəkdiyim şəkil 4 ildə mənə onu 5x yaxınlaşdırıb filan detalı incələməmişəm.
Bir anlıq bu postu oxuduğunuz cihazın potensialının neçə faizin işlətidiyinizi təxmin etməyə çalışın və belə olan halda ona ödəyiniz məbləği haqq edib-etmədiyini anlaya biləcəksiz. Məsələn son iPhone-ların Pro modelləri ilə film/klip çəkməyəcəksinizsə o kameraya pul ödəməyinizə və onu qınamağınıza dəyməz.
- Less is more — az çoxdan daha çoxdur.
Bu ifadə məşhur incəsənət məktəbi olan Bauhausun direktorlarından biri olan Ludwig Mies van der Rohe tərəfindən deyilib. İlk başlarda bu idiomatik ifadə yalnız dizayna və onun qollarına aid olunsa da daha sonralar bunun bir həyat fəlsəfəsi olduğunu görməyə başladıq. Seçimlərin artması ilk baxışda azadlığın gətirdiyi avantaj kimi görünsə də bu həm qərarsızlığa həm də daha çoxunu istəmə hissləri ilə birgə böyük bir problemə çevrildi.
Hər zaman daha çoxunu istəmə hissi insanların xoşbəxtliklərinə və məhsuldarlıqlarına çox ciddi şəkildə təsir edir. Aktiv şəkildə 12 ildən çoxdur ki, Windows ƏS işlədirəm və son 1 ilimdə əlavə olara Apple Macbook Pro notbuku ilə də işlərimi görürəm. Son 3 ildə 1 dənə belə crack və ya pirat proqram istifadə etməmişəm. Yəni, cihazları təlimatlarına uyğun şəkildə istifadə etməyə çalışıram. Gəl ki, Windows və Androiddə olan azadlıq, çeşidlilik və s. hər zaman insanı tətikləyir və ya problem yaradır. Son dövrlərin ən güclü çiplərindən biri Apple-in istehsal etdiyi M çipləri olmasına baxmayaraq bu prosessorun oyun performansı çox bərbaddır, lakin render, qrafik, 3D və enerji sərfiyyatında bir o qədər də güclüdür.
Məsələ bizim nə istədiyimiz deyil, məsələ bizə nəyin lazım olmasıdır. Düşünürəm ki, Apple şirkəti bunun fərqindədir və elə bu yol Steve Jobsun getmək istədiyi yoldur. Ətrafımızdakılar sosyal statuslarını göstərmək üçün Apple cihazları istifadə etdiyindən əsl mahiyyətinin — produktivliyi necə artırdığını, əslində həyatımızı necə rahatlaşdıra biləcəyini gözardı edirik.
