Bir Mendeleyev olmasam da əsas fikirlərimi ya yuxuda ya da yuxuya gedərkən tapıram. Və bu fikirləri unutmamaq üçün ağlıma gələn anda not yerinə qeyd edirəm.

Keçən ayların birində isə dəyərli olduğunu düşündüyüm fikri not yerinə yazmamağı, beləcə səhər oyanarkən ağlımda olacağı düşündüm.

Və beləcə o fikri itirdim...

İtirdiyim günün tamamını, sonrakı günlərin isə bir qismini həmin fikri axtarmaqla keçirdim. Mən o fikrin yenidən axtarışında olduğum müddətdə isə ağlıma heç bir yeni fikir gəlmədi. Bəzi anlarda heç nə olduğunu xatırlamağım bir fikirə görə pis oldum, bəzən isə onun elə də əhəmiyyətli bir fikir olmadığına özümü inandırmağa çalışdım.

Beləcə bir müddət keçdi və artıq o fikirin olmaması məni narahat etməməyə başladı. Çünki artıq o fikirin var olmadığı həqiqətlə yaşamağa başladım. Əsas fərqinə vardığım şey o idi ki, artıq mənim xatırlayıb da "bu fikir, o fikir idi" deyə bilməyim mümkün deyil. Bunun beynimin mənə göstərdiyi bir illuziya yoxsa həqiqət olacağını anlamağım heç vaxt mümkün olmayacaq.

İtirilmiş pis bir fikir tapılmış yaxşı fikirdən bizə daha üstün görünür. Odur ki, itmiş fikirdən maraqlı dərs almış oldum:

Anladım ki, "itmiş fikir"də məsələ heç vaxt fikir deyilmiş, "itmək" imiş. Məsələ itirməyin qaçınılmaz olduğunu, itirdikdən sonra itmişlə yaşamağı və ya yaşamamağı bilmək imiş.

Görmək istədiyimiz amma görmədiyimiz işlər, tanımaq istəyib amma tanımadığımız insanlar, yaşamaq istəyib də yaşamadığımız həyatlar hamısı bir itirilmiş bir fikirdir.

Bəlkə də elə o fikir bu imiş...

Musiqi – Hans Zimmer - Time (Inception - Live in Prague)