Mənim qardaşım məndən 2 yaş böyükdür və Kamaz şoferidir. Adətən daş, qum və digər tikinti materialları daşımaqla məşğuldur. Bir gün mövzu işdən düşərkən mənə verdiyi sual gördüyüm işə baxışımı dəyişməyim üçün qığılcım oldu. Texnologiya ilə heç arası olmadığı üçün kompüterlə işləyərək pul qazanmaq qardaşıma real görünmürdü və mənə “Mən insanlar üçün daş aparıram, onlar da ev tikib yaşayırlar, bəs sənə niyə pul ödəyirlər?” sualını verəndə refleks olaraq texnologiyanı müdafiə etməyə başlamışdım. Həyatıma indiyədək yön vermiş qərarlarımın yanlış olduğunu bir sualla şübhəyə ata bilməzdim. Lakin bu sualı bir müddət düşündükdən sonra gəldiyim nəticənin bundan sonrakı gördüyüm işlərimə və qərarlarıma təsir edəcəyi qaçınılmaz idi.
Əgər ki, işlərim insanların problemlərini həll etməyəcəksə, onların yaşamını yaxşılaşdırmaq yolunda bir irəliləyiş yaratmayacaqsa demək ki, işimi doğru görmürəm.
İstehlak dövründəyik, hər birimizi daha çox məhsul almağa, satmağa və tükətməyə məcbur edən bu axın bizim düşüncə tərzimizi də şəkilləndirməyə başlayıb. Hazırladığımız rəqəmsal həllər və məhsullar “daha çox satış etsin” məqsədilə bir növ mədəni şəkildə sıradan insanları tələyə salaraq davamlı istehlakçı halıma gətirməkdir. Sonra da bu işlərimizi uğurlu olaraq qeyd edib portfoliolarımıza yerləşdirərək boynumuzdan asıb gəzirik.
Buna dur demək əlbəttə ki, sadəlövhlük olardı, axın qarışına çubuq yerləşdirmək kimi. Lakin, fərqindəlik böyük və faydalı dəyişikliklərə yol açır hər zaman. Nəyin həqiqətən faydalı və lazımlı olduğunu anlamaq, fərqində olmaq, ətrafına yaymaq və gələcəyə ötürmək.
