Musiqi dinləyərkən bir zamanlar sevə-sevə dinlədiyim musiqiləri yenidən dinləmək istəmədiyimin fərqi vardım. Axı bu musiqiləri bir zamanlar heç vaxt ötürməzdim, əlim də gəlməzdi sanki. Pleylistimdə hər dəfə “növbəti”yə kliklədikdə sevimlilərə əlavə etdiyim musiqiləri də ötürəndə utanırdım.

Nə baş verir? deyə düşünəndə biraz özümə nəzər yetirməyə başladım. Biraz keçmişə biraz indiyə daldım və belə qənaətə gəldim ki, hadisələrə müsbət tərəflərindən baxmağa başlamışam və necəsə bu bir xeyli vaxt öncə başlayıb. Bu, pisdir, ya yaxşı – deyə bilmərəm. Məncə, hər birinin öz gözəlliyi var. Amma bir şeyi də anladım: müsbət düşüncələrlə yüklənəndə həmişə gözəl işlər görə bilmirəm. Mənim dizayner kimi yaratmağa, problem həll etməyə də ehtiyacım var.

Əslində, bu, təkcə mənim müşahidəm deyil. Nitşe “Yaradıcılıq çox vaxt əzab və ziddiyyətdən doğur” deyib, Kierkeqard isə hüznü insanın özünü və həyatın mənasını dərk etməsi üçün vacib bir hiss kimi görürdü. Həyat gözəl və maraqlı olduğu qədər, çətinliklər də onun ayrılmaz hissəsidir. Hüznsüz tam yaradıcılıq olmur. Çünki yaradıcı proses yalnız xoş duyğulardan deyil, “çatışmazlıq” hissindən, problemlərlə üzləşməkdən də qidalanır.

Musiqidə olduğu kimi, dizaynda da balans vacibdir – bir az işıq, bir az kölgə. Elə bu kontrast da yeni ideyaların yaranmasına səbəb olur.

Bəs siz yaradıcılığınızda ən çox nədən ilham alırsınız: pozitivlikdən, yoxsa hüzndən?